Ən Yenilər

Populyarlar

Xəcalətli Qalan Div             Şərh Yaz
Belə söyləyirlər ki, Hacı dayının lap cavan vaxtlarıymış. Bir dağ kəndinə qonaq gedir. Görür ki, düşdüyü evin sakinləri yasa batıblar. Həmişə onu görəndə eyinləri açılan adamların elə bil dəryada gəmiləri batmışdı.
Hacı soruşur ki, xeyir ola, hayındı dünyanın axırıdı?
Ev sahibi deyir:
-İstilər düşəndən camaatın qara günləri başlayıb, ay Hacı. Bir üçbaşlı dev oturub Kiş çayının mənbəyində. Su üzünə həsrət qalmışıq. Daa kələyimiz kəsilməsin deyən ona ayda bir qız veririk. O qızı yeyəndə təpə boyda arxasını bir az tərpədir, aradan keçən su bizə tərəf gəlir, ayın axırınacan ehtiyatımızı götürürük. Yığılıb püşk atmışıq. Hər ay bir ailədən qız qurban veririk. İndi növbə çatıb bizim aman-zaman balamıza. Sabah aparıb onu diri-gözlü devin ağzına atmalıyam.
Hacı təəccüblənib deyir:
-Allah sizə insaf versin, a kişi, hayındı öydə qurbannıx qoyun-zad bəsləmirsiniz ki! Gül kimi qıza heyfiniz gəlmir? Bu yaşa çatdırıb bir mənim kimi halal süd əmmişin evinə köçürmək əvəzinə, öz əlinizlə aparıb devə niyə verirsoz?
-Bəs onda nağarax, o boyda devlə vuruşax deyirsən?
-Siz durun, bir qəşəng piti hazırlayın, kəmərimi yaxşı-yaxşı bərkidim. Sabah ağır günüm olacaq, o devin işini özüm həll edərəm.
Səhər Hacı kişi ilə dağa qalxır, gethaget çayın mənbəyini axtarırlar. Neçə qaya adlayırlar. Axır Hacının kələyi kəsilir. Onların qarşısına elə hündür, qapqara təpə çıxır ki, Hacı hövsələsini basa bilməyib deyir:
-A kişi, sən məni bu dağlara, daşlara nə çox dırmaşdırırsan? O qara təpəni də o üzə adlasam, devlə hesablaşmağa heyim qalmayacaq.
Kişi deyir:
-Elə o qara təpə devin özüdü də. «Mənəm-mənəm» deyib sinənə çox döyürdün. Get, hünərini göstər.
Hacı bir aşağıdan yuxarı devə baxır, bir özünə baxır, ağlı nə kəsdiyinin biruzə vermir. Görür ki, dev azacıq tərpənəndə hələ yeli ağacları kökündən qopardır. Amma iş işdən keçmişdi. O boyda gövdəni əldən buraxmaq da insafdan deyildi. Kişiyə deyir:
-Hayındı o devdisə, mən də Hacıyam. Sən düş aşağı, kəndə xəbər elə. O dev dev olub məni yesə, bir az qurcuxar, bir aylıh suyunuz olar. Amma Allah qoluma, belimə qüvvət versə, o devin təpələrini dağıdacağam. Onda camaata de, qorunsun. Sel gələcək.
Kişi qorxusunnan özünü yuxarıdan aşağıya diyirlədir. Kənd əhlinə hal-qəziyyəni danışır. Deyirlər, Hacı hara, dev hara? O, yə‘qin səninlə zarafatlaşıb. Sel təhlükəsi ola bilməz.
Budu ha, bir də görürlər yuxarıda bir gurultu, nərilti qopdu, bir həngamə baş verdi ki, gəl görəsən, yer-göy titrəyir. Elə bil iki dağ aralanıb, sonra təzədən kəllə-kəlləyə dəyir. Elə ki, bir də geri qanrılır, sinələri ilə qoruduqları suyun qabağından çəkilib ağzı aşağı buraxırlar.
Adamlar ancaq canlarını götürüb selin qabağından qaça bilir.
Sel kəndin bütün evlərini yuyub aparır. Bir də görürlər ki, div də suyun üzündə aşağı diyirlənir. Hacı da minib belinə, onun hər kəlləsinə bir yumruq ilişdirir. Gəlib adamların yanından keçəndə camaatın qulağına Hacının səsi dəyir.
O, bağıra-bağıra devə deyir:
-Ə, köpək oğlu, bu üç başı gəzdirirməklə neçə vaxtı camaatın abır-həyasını tökmüsən, kənddə-kəsəkdə day nişannı qız qoymamısan, belə arxalısansa, bəs sənin iki dalın hanı? Bir saatdı vurnuxuram, ancaq üç başını, bir də bir arxanı tapammışam. Hayındı o iki arxanın da yerini nişan verməyincə, təpələrini beləcə dağıdacam.
Ha bu sözü demişdi ki, sel onları bir göz qırpımda aparıb Trud düzündəki dərələrin birinə tulladı.
Deyirlər, dev sonralar özü də allahın bu işinə təəccüb qalır. Üç boynunu döndərib arxasına baxır, elə hey fikirləşir ki, gərəsən, iki dalını harda itirib? Ona görə də xəcalətindən dərədən çıxmır. Bir daha suyun qabağını kəsib-eləmir.
Göndərən : Xalid